wordpress.com

Toksoplazmoz

images

Toksoplazmoz Toxoplasma gondii tərəfindən törədilir.

Toksoplazmoz simptomları çox zəif nəzərə çarpan olur və demək olar ki zərərsizdir, amma immuniteti aşağı olan insanlar üçün və hamilələr üçün ilkin yoluxma ağır nəticələrə səbəb ola bilər. Bu parazitlə yoluxan insanlarda ömürlük immunitet qalır ki, bu da qan analizində özünü İgG nin müsbət olması ilə göstərir. Yer üzündəki 50 yaşdan yuxarı olan insanların 75% də İgG müsbət çıxır və bu onların  törədici ilə ən azı bir dəfə yoluxduğunu gösthərir. Hamilə qadınların isə təxminən 50% də İg G müsbət çıxır və bu hamilənin  parazitlə hamiləlikdən öncə qarşılaşdığını göstərir.
Toksoplasma gondii ilə yoluxma necə baş verir?
T. gondii ilə yoluxma yaxşı yuyulmamış meyvə- tərəvəz, yaxşı bişməmiş ət yedikdə,pişiklə kontakda olduqdan sonra əllərin yuyulmaması zamanı  parazit yumurtasının ağız boşluğuna düşməsi ilə baş verir.
Toxsoplazmoz diaqnozu necə qoyulur?
Bu adətən hamilədə, şübhəli əlamətlər olarsa aparılır- məsələn limfa düyününün böyüməsi və ya qripəbənzər əlamətlər olarsa.

Qan analizi ilə diaqnoz qoyula bilər.
Qanda tapılan antitellərə əsasən müalicəyə ehtiyac olub olmadığı təyin edilir. Əgər qanda İgG müsbət çıxarsa bu ilk yoluxmadan xəbər vermir və heç bir müdaxiləyə də ehtiyac yoxdur. Əgər qanda İgM pozitiv olarsa onda müalicəyə ehtiyac var, çünki ilkin yoluxma baş vermişdir. Və xəstəlik antibiotik təyini ilə müalicə olunur. İlk 16 həftə Spiramisin və ya başqa bir antibiotik təyin edilməlidir, daha sonra isə göstəricilərə əsasən müvafiq müalicə sxemi təyin edilməlidir.
Yenidoğulmuşa da müvafiq sxemlərə əsasən antibiotik təyin edilməlidir.
Toxsoplazmozun nəticəsi-
toxsoplazmozla xəstə olan hamilələrin yalnız 10% yenidoğulmuş xəstəlik əlamətləri ilə doğulur, qalanları isə sağlam olur və gələcəkdə inkişaf geriliyi də təyin edilmir.
Ağır hallarda yenidoğulmuş miokardit, ensefalit və ya ağciyər iltihabı ilə doğula bilər ki, bu da müalicə tələb edir.

Sonda bir də qeyd etmək istərdim ki, əgər sizdə qanda yalnız İgG təyin edilərsə heç bir müdaxilə və müalicəyə ehtiyac yoxdur. Yalnız İg M müsbət olarsa daha dərin müayinələrdən sonra medikamentoz müdaxiləyə icazə verilir.

Hamiləlik zamanı toksoplazmoza yoluxmamaq üçün nə etmək lazımdır?
Toksoplazmozun əsas mənbəyi olan pişiklə kontakda olmamaq, yarıçiy ət və yaxşı yuyulmamış meyvə və tərəvəz yeməmək və şəxsi gigiyena qaydalarına əməl etmək- yeməkdən əvvəl əlləri yumaq. Əgər bu qaydalara əməl olunarsa toksoplazmozla yoluxma da baş verməz.

copper-intra-uterine-device-multi-arm-type-69730-109035

Uşaqlıq daxili spiralın əsas iki növü var- mis tərkibli spiral və hormonal tərkibli spiral.

Bunlardan əlavə mislə örtülmüş qızıl və platin spirallar da mövcuddur.

Axırıncı iki növ mis tərkibli spirallardan daha uzun müddət orqanizmdə qala bilər.

Hormonal tərkibli spirallar həm də müalicəvi effektə malikdirlər. Bunlar adətən levonergestrel tərkibli və ya progestaserf tərkibli olurlar.

Mis tərkibli spiral orqanizmdə 10 ilə qədər qala bilər, hormonal tərkibli spirallar isə 5 il qala bilər, mislə örtülmüş platin və qızıl spirallar isə daha uzun müddət orqnizmdə qala bilərlər.

Uşaqlıq daxili spiral doğuşdan 6 həftə sonra, kesar əməliyyatından isə 8 həftə sonra qoyula bilər.

Uşaqlıq daxili spiralın qoyulmasına əks göstərişlər:

Hamiləliyə şübhə

Uşaqlıq anomaliyaları

Uşaqlıq boynu çatmazlığı

Mioma (yalnız hormonal tərkibli spiral istifadə etmək olar.)

Onkoloji xəstəlik

Servikal displaziya (3cü dərəcə və daha çox)

Laxtalanma pozğunluqları

Genital orqanlarda aktiv iltihabi prosses

Keçirilmiş uşaqlıqdan kənar hamiləlik

Çox tez- tez daxili genital orqanlarda baş verən iltihabi prosses

Immundepressiv müalicə

 

Uşaqlıq daxili spiral fəsadları:

Uşaqlıq deşilməsi < 0.1%

Hamiləlik riski1-2%

Uşaqlıqdan kənar hamiləlik riski 2-4%

Daxili cinsiyyət orqanlarında iltihabi prosses 25%

Abort 50%

 

Uşaqlıq daxili spiral qoyulduqdan sonra qadın aşağıdakı əlavə effektlərlə üzləşə bilər:

Menstrual qanaxmadan bir neçə gün əvvəl başlayan ağrı (ikincili dismenorreya)

Menstrual qanaxmanın daha uzun müddət davam etməsi (7 gündən artıq davam etmirsə təhlükəli deyil)

 

Birinci halı spazmolitik qəbulu ilə aradan götürmək olar.

 

Uşaqlıq daxili spiral adətən menstrual qanaxma dövründə qoyulur ki uşaqlıq boynu açıq olsun və prosedur ağrılı olmasın.

Uşaqlıq daxili spiral qoymadan əvvəl həm yoxlamadan keçmək , həm də  uşaqlıq yolunun profilaktik sanasiyasını aparmaq lazımdır.

Uşaqlıq daxili spiral qoyulduqdan 3-6 həftə sonra yoxlanmaya getmək məsləhətdir.

Uşaqlıq daxili spiral qoyulduqdan sonra cinsi həyata istədiyiniz vaxt başlaya bilərsiniz.Əgər cinsi partnyorunuzdan əmin deyilsinizsə kondomlardan da istifadə etmək məsləhətdir, çünki uşaqlıqdaxili spiral cinsi yolla keçən infeksiyanın qarşısını almır.

Hansı hallarda həkimə müraciət etmək lazımdır?

Cinsi əlaqə zamanı ağrı hiss edirsinizsə

Qarın nahiyyəsində ağrı hiss etdikdə

Menstrual qanaxma gecikdikdə

Menstrual qanaxma arası qanaxma müşahidə edirsinizsə.

Uşaqlıq daxili spiralın qoyulma texnikası:

Uşaqlıq yolu güzgülərlə açılır və uşaqlıq boşluğu uzunluğunu ölçmək üçün uşaqlıq boşluğuna zond yeridilir, daha sonra uşaqlıqdaxili spiral uşaqlıq boşluğunun təyin edilmiş uzunluğuna uyğunlaşdırılır və (aseptik şəraitdə açılmış uşaqlıq daxili spiral) uşaqlıq boşluğuna yeləşdirilir.

 

 

 

 

Image

 

Kombinə olunmuş kontraseptivlərə (KOK) nümunə olaraq Jeanine, Yarina, Jasmin, Diane 35, Anteovin, Regulon, Tri- regol, Trikvilar və s. göstərmək olar.

KOK dedikdə tərkibində sintetik estrogen və progesteron olan və oral qəbul edilə bilən kotraseptivlər nəzərdə tutulur.

Kombinə olunmuş kontraseptivlər tərkibinə daxil olan maddənin növündən, dozasından asılı olaraq müxtəlif qruplara bölünür. Amma bu preparatların göstəriş, əks göstəriş, orqanizmə təsiri, fəsadları demək olar ki oxşardır.

 

KOK lərin hansı hallarda istifadəsi mütləq əks göstərişdir?

 

Miqren (fokal nevroloji əlamətli)

Dekompensasiya mərhələsində sirroz

Qaraciyər şişi

Kəskin hepatit

Orta və ağır dərəcəli hipertenziya

Dərin venaların trombozu

Ürəyin işemik xəstəliyi

İnsult (işemik, hemorragik)

Hipertenziya və damar xəstəliyi

20 ildən çox davam edən şəkərli diabet və ya damar problemləri yaranmış diabet. (Bu hadisə adətən şəkərli diabet 20 ildən çox mövcud olan hallarda olur).

Yaşı 35dən böyük və gündə 15 dən çox sigaret çəkənlər

 

Hansı hallarda qəbul olunması yolveriləndir?

Yaşı 40 dan böyük qadınlar

Piylənməsi olanlar

35 yaşdan kiçik olan miqrenli qadınlar

Hamiləlikdə preeklampsiya keçirmişlər

6 aydan çox süd verən qadınlar

Öd kisəsi xəstəliyi olmuş qadınlar və ya indiki zamanda öd kisəsi xəstə olan, amma simptomsuz keçənlər

35 yaşdan kiçik və eyni zamanda siqaret çəkən qadınlar

 

Hansı hallarda KOK tam əminliklə istifadə oluna bilər?

 

Menarxe (ilk menstrual qanaxma) və 40 yaş arası dönəmdə

Endometrioz

Uşaqlıq mioması

Dismenoreya 

Süd vəzilərində xoşxassəli şiş olan qadınlarda

Abortdan sonra

Doğuşda  21 gün sonra (əgər süd vermirsə)

Epilepsiya

Vərəm

Talasemiya

Dəmir defisitli anemiya

Baş ağrısı olanlar (miqren istisna olmaqla)

Antibiotik qəbul edənlər  (rifampisin və griseofulvin istisna olmaqla)

 

 

KOK qəbulundan əvvəl bir sıra müayinələrdən keçmək gərəkir.

Koaquloqramma

Süd vəzinin ultrasəs müayinəsi

Qarın boşluğunun ultrasəs müayinəsi

PAP test

Qəbul etdiyiniz bütün əlavə dərmanlar və yanaşı xəstəlikləriniz barəsində həkimə məlumat verməyiniz mütləqdir.

 

 

 

Kombinə olunmuş oral kontraseptivlərin törətdiyi fəsadlar aşağıdakılardır:

 

Hipertenziya ( erkən və gec dövrdə yarana bilər)

Çəki artımı

Şişkinlik

Ara  vaqinal qanaxmalar (dərman qəbulunun ilk aylarında ola bilər)

Süd vəzilərində yüksək həssaslıq  (dərman qəbulunun ilk aylarında ola bilər)

Qanda yüksək  və aşağı sıxlıqlı  lipidlərin, triqliseridlərin artması

Qanın laxtalanma qabiliyyətinin artması (ilk bir ildə daha çox)

Qaraciyərdə adenoma və düyünlü hiperplaziya  

Budd –Chiari sindromu

Endometrium nazilməsinə bağlı menstrual qanaxmanın olmaması

Depressiya

 

Yuxarıda sayılan bütün əlavə effektlər dərman qəbulu dayandırılan kimi keçib gedir.

İndi daha müasir KOK lər sintez olunur ki, bunların tərkibindəki sintetik estrogen dozası həm azdır (ona görə yuxarıdakı əlavə effektlər daha az hallarda təsadüf olunur), həm də progesteron hissəsi elə tərkiblidir ki nə hipertenziya, nə də şişkinliyə səbəb olmurlar, məsələn: Yarina

 

 

KOK lərin müsbət cəhətləri isə aşağıdakılardır:

 

Yumurtalıq və endometirum xərçənginin profilaktikası

Süd vəzinin xoşxassəli şişlərinin profilaktikası

Endometrioz profilaktikası

Çanaq orqanlarının iltihabi xəstəliklərinin proflikatikası

Uşaqlıqdan kənar hamiləlik profilaktikası (bəzi digər kontraseptivlərlə müqayisədə).

Dismenoreya, çox qan itirmə ilə davam edən menstrual qanaxmanın qarşısını alır.

Premenstrual sindrom müalicə və profilaktikası

Follikulyar kist profilaktikası

Dəmir defisitli anemiya profilaktikası

Revmatoid  artrit əlamətlərinin azalması.

 

 

Nə zaman KOK qəbulu  təcili şəkildə dayandırılmalıdır?

 Kəskin baş ağrısı

Kəskin görmə pozulması

Qarın və ya bud nahiyyəsində kəskin ağrı

Sarılıq

Depressiya

Kəskin başlayan öskürək və ya qanhayxırma

 

KOK qəbulu zamanı nəzarətdə olmaq gərəkir mi?

 KOK qəbul edən qadınlar hər bir sağlam qadın kimi ildə bir dəfə süd vəzi və qarın boşluğu orqanlarının  ultrasəs müayinsəndən keçməli və ginekoloji müayinədən keçməlidir.

 

Hamiləlik zamanı (yəni hamiləlikdən xəbərsiz qəbul olunmuşsa bu preparatlar ) qəbulu dərhal dayandırmaq lazımdır. Hamiləliyin sonlandırılması üçün heç bir göstəriş yoxdur.

 

Əgər planlı cərrahi əməliyyata hazırlaşırsınızsa onda cərrahi əməliyyata 6 həftə qalmış qəbulu dayandırmaq lazımdır.

 

KOK qəbulu zamanı hamiləlik riski 0.1 %dən azdır. Risk daha çox ilk qəbul vaxtlarında var.

KOK qəbuluna başladıqda ilk 7 gün baryer metodları ilə qorunmaq məsləhətdir, məsələn: kondom, diafraqma.

KOK qəbulu hər gün eyni vaxtda olmalıdır.

Həb qəbul etməyi unutduqda nə etmək lazımdır?

Əgər bir həb qəbulu unuduldusa onda həmin həb  qəbul olunmadığı xatırlanan kimi qəbul olunmalıdır. Gələn həb əvvəlki vaxtında qəbul olunmalıdır.

Əgər iki həb yaddan çıxsa- birinci fazada bas verərsə (ilk 10 həb hələ bitməyibsə) iki gün iki həb qəbul olunur, daha sonra eyni qayda ilə qəbul davam etdirilir.

Əgər ikinci fazada baş veribsə (ilk 10 həb qəbul olunubsa) onda həmin qutu atılır və yeni qutuya keçilir. Qəbulun ilk 7 günü əlavə vasitələrlə qorunma məsləhətdir.

Əgər 3 həb qəbulu unudulubsa onda həmin qutu atılır və yeni  qutu istifadə edilir, ilk 7 gün əlavə vasitələrlə qorunma gərəkir.

Antifosfolipid sindrom venoz və ya arterial trombozlara, düşüyə səbəb olan bir xəstəlikdir. Bu səbəbi bilinməyən autoimmun sindromdur.

Bu sindrom daha çox qadınlarda və cavan yaşlarda özünü göstərir.  Antifosfolipid sindrom birincili və ikincili olmaqla iki yerə bölünür.

Birincili antifosfolipid sindrom zamanı heç bir əlamət xəstəni narahat etmir. İkincili antifosfolipid sindrom isə adətən özünü ya qırmızı qurdeşəməyi ilə yanaşı göstərir və ya qanda trombositlərin az olması ilə birlikdə təyin edilir.

Hamiləlik zamanı problem yaradan da əsasən birincili antifosfolipid sindrom olur, çünki əlamətsiz keçdiyinə görə bu xəstəlikdən şübhələnilmir. Artıq düşük və ya vaxtından əvvəl doğuş olduqdan sonra bu haqda düşünülməyə başlanır.

Antifosfolipid sindrom  zamanı qanın laxtalanma sistemi pozulur və damar divarında tromblar əmələ gəlir. Bunun sayəsində bu və ya digər orqanın qidalanması pozulur ki bu da narahatlığa səbəb olur. Əgər belə bir tromb uşaqlığı qidalandıran damarlarda yaranarsa ( qeyd edim ki ciftdən dəqiqədə 500 ml qan keçir) cift qan dövranı pozulur və bu dölün qidalanmasının pozulmasına və ciddi fəsadlara səbəb olar.

Antifosfolipid sindromun diaqnostik kriteriləri:

Klinik kriterilər

1. damar trombozu

Dopler və ya digər müayinə üsulları ilə təsiqlənmiş bir və ya daha çox arterial, venoz və ya kiçik damar trombozu hadisəsi .

2. hamiləlikdə ağırlaşmalar

a. 10 həftədən böyük bir və daha çox spontan düşük

b. preeklampsiya, eklampsiya və ya kəskin cift çatmazlığı ilə bağlı 34 həftədən əvvəl vaxtından əvvəl doğuş (döldə heç bir morfoloji pozğunluq olmamalı)

c. 10 həftədən kiçik dövrdə 3 və ya daha çox spontan düşük

3. laborator kriterilər

a. antikardiolipin antitelləri (İgG və ya İg M orta və ya yüksək səviyyədə)

b. beta 2 glikoprotein

c. lupus antitelləri və ən azı iki spontan düşük (ən azı 12 həftəlik dövrdə)

Antifosfolipid sindrom diaqnozunu təsdiq etmək üçün bir laborator və bir klinik kriteri müsbət olmalıdır.

Antifosfolipid sindromu olan şəxslərdə siflis seroloji testi müsbət çıxa bilər. Bundan əlavə belə xəstələrdə trombositopeniya və hemolitik anemiya olur. Trombositlərin sayı 50000 dən kiçik olan halda qanaxma riski çoxdur.

Müalicə:

Ağırlaşma olmayan hallarda ambulator aparılır.  Müalicədə  diqqətli anamnez toplanıldıqdan sonra ya təkcə kiçi dozalı aspirinlə (50-75 mg) və ya əlavə olaraq heparin və ya kiçik fraksiyalı heparin analoqları ilə aparılır . Belə ki antifosfolipid sindromu olan hamilələrə 5 halda heparin və ya kiçik fraksiyalı analoqları təyin edilməlidir:

1. əvvəlki hamiləlikdə düşük və ya vaxtından əvvəl doğuş

2. əvvəlki hamiləlikdə ağırlaşmalar

3. varfarin qəbul edirsə

4. bu və ya dogər orqanda tromboz

5. yataq rejimi olanlarda

 

 

Daha çox kiçik fraksiyalı heparin molekullarından istifadə olunur. Müalicə hamiləliyin 36 həftəsinə qədər davam etdirilir. Doğuşdan sonra 6-12 həftə terapiya davam etdirilməlidir.

Əgər analar hamiləliyə qədər varfarin və ya bənzər preparatlar qəbul edibsə doğuşdan sonra davam etdirə bilərlər. Heparin,  Varfarini südvermə dövründə qəbul etmək olar.

Əgər hamiləlik dövründə tromboz əlamətləri yaranarsa xəstəyə stasionar şəraitdə venadaxili heparin infuziyası olmalıdır.

 

Uşaqlıq boynu çatmazlığında uşaqlıq boynu böyüyən uşaqlıqdaxili təzyiqə tab gətirə bilmir və açılır.

Uşaqlıq boynu çatmazlığı hamiləliyin ikinci trimestrində təkrari düşüklərə səbəb olan əsas səbəblərdən biridir.

Uşaqlıq boynu çatmazlığı anadangəlmə və qazanılma olur.

Uşaqlıq boynu çatmazlığı əsasən uşaqlıq boynunda yetəri qədər elastik liflər olmayanda yaranır. Elastik liflər isə bətndaxili inkişaf zamanı yaranır. Bundan əlavə uşaqlıq boynu travması, uşaqlıq boynu biopsiyası, uşaqlıq boynunun doğuş zamanı cırılması, uşaqlıq boynunun konizasiyası, diatermokoaqulyasiyası, uşaqlıq boynunun tibbi abort zamanı genişləndirliməsi və s uşaqlıq boynu çatmazlığına səbəb ola bilər.

Uşaqlıq boynu çatmazlığı adətən hamiləliyin ortalarında yaranır. Uşaqlıq boynu çatmazlığının diaqnostikası- təkrari düşüklərin olması, hamiləlik zamanı uşaqlıq boynunun ölçülməsi ilə qoyulur. Belə ki hamiləliyin ilk trimestr müayinəsi zamanı uşaqlıq boynu uzunluğunun ölçülməsi gələcəkdə uşaqlıq boynu çatmazlığı səbəbindən düşük və ya vaxtından əvvəl doğuş olub olmayacağının göstərir.

Uşaqlıq boynu uzunluğu 25 mm dən qısadırsa uşaqlıq boynu çatmazlığından danışılır.  Uşaqlıq boynu uzunluğu 15- 25 mm arasında olan qadınları aşağı risk qrupuna adi edirlər və müalicə daha effektivdir. Uşaqlıq boynu uzunluğu 15 mm dən kiçikdirsə yüksək risk qrupundan danışılır ki, belə halda adətən bir həftəyə düşük olur.

Uşaqlıq boynu çatmazlığının müalicəsində progesteron preparatları, serklyaj istifadə olunur.

Progesteron preparatlarının uşaqlıq yolu daxili gündə 200 mq qoyulması yaxşı effekt verir və bu müalicəyə serklyaj əlavə olunması müalicə effektini daha da yüksəldir.

Sadəcə serklyajın da yüksək müalicə effekti verir. Serklyaj uşaqlıq boynuna tikiş qoyulmasına deyilir. Bu tikiş artan uşaqlıq daxili təzyiqə qarşı uşaqlıq boynunun göstərdiyi müqaviməti artırır.

Serklyaj ingilis dilində encircle sözündəndir ki , bu da uşaqlıq boynunu əhatələmək deməkdir. Uşaqlıq boynunu sorulmayan qalın sap və ya həlqələrlə əhatələmək olar.

Serklyajın da bir neçə növü var. Serklyaj təcili və planlı olmaqla iki yerə bölünür.

Planlı serklyaj hamiləliyin ilk trimestrində qoyulur. Təcili serklyaj qoyulması isə adətən hamiləliyin 18ci həftəsinə uyğun gəlir.

Mac Donald üsulu, Shiratkovski üsulu və onun modifikasiyaları, Hefner üsulu,transabdominal üsul, Lash üsulu. Mac Donald və Şiratkovski üsulu , onun modifikasiyaları planlı serklyaja aiddir. Hefner üsulu və transabdominal üsul isə təcili serklyaj metodlarına aiddir.

Serklyaj növləri müxtəlif olsa da məqsəd uşaqlıq boynunu əhatəyə almaqdır ki uşaqlıq daxili təzyiq nəticəsində artmasın.

Şiratkovski üsulunda  uşaqlıq boynuna П şəkilii tikiş qoyulur. Və doğuş vaxtına bir az qalmış sökülür.

Hefner və transabdominal üsul uşaqlıq boynu həddən çox qısa olan zaman istifadə olunur. Hefner doğuş qabağı sökülə bildiyi halda, transabdominal üsul sökülməsi üçün qarın boşluğu müdaxilə tələb olunur.

Hefner üsulundan hətta amniotik kisə uşaqlıq yoluna sallanması zamanı da istifadə oluna bilər.

Transabdominal serklyaj keçirilən zamanı doğuş yalnız kesar əməliyyatı ilə sona çatdırıla bilər.

Lash üsulu- bu uşaqlıq boynu həddən çox üzvi dəyişiklikliyə uğrayan hallarda qoyulur. Bu tikiş hələ hamiləlik planlaşdırılan vaxt qoyulur və ömrülük qalır. Belə tikiş  vaginal doğuşa əks göstərişdir.

Əgər serklyajda həlqədən istifadə edilirsə bu da doğuşa qalmış çıxarılır.

Serklyajın da əks göstərişləri, göstərişləri , əlavə effektləri var.

Serklyaja əks göstərişlər:

uşaqlıq boynunun 4 smdan açıq olması

dölyanı mayenin axması

amnion kisəsinin uşaqlıq yoluna sallanması

xorioamnionit

ölü döl

vaxtından əvvəl doğuş

vaginal qanama

vaxtından əvvəl doğuş

uşaqlıq yığılmaları

serklyajın əlavə effektləri

uşaqlıqdaxili infeksiya

vaxtından əvvəl doğuş

dölyanı maye axması

qanaxma

uşaqlıq boynunun həddən çox çaqıplaşması

Lakin yuxarıda qeyd olunan əlavə effektlər çox az hallarda təsadüf olunur.

Serklyaj ağrısız bir prosedurdur.

Əgər uşaqlıq boynu

serklyaj qoyulmasına uyğun deyilsə hamilə arxası üstə ayaq səviyyəsi baş səviyyəsindən yuxarı olmaq şərtilə uzadılır. Bu zaman uşaqlıq boynuna olan təzyiq azalır.

Seklyaj qoyulduqdan sonra 2-3 gün yataq rejimi məsləhət görülür və ən azı bir həftə cinsi əlaqəyə icazə verilmir, ağır yük götürmək olmaz, 2 saatdan artıq ayaq üstə durmaq məsləhət görülmür.  Amma bu müddət nisbidir, çünki qoyulan müddət çatmazlığın ağırlıq dərəcəsindən asılıdır.

Əgər serklyajdan sonra sizdə belin aşağı nahiyyəsində ağrı, vaginal ifrazat artması, qızdırma, titrətmə, vaginal qanama olarsa həkimə müraciət etməniz məsləhətdir.

Mioma və hamiləlik

Mioma və ya fibromioma- uşaqlıq əzələ qatının törəməsidir, birləşdirici və əzələ toxumasından ibarətdir.

Mioma hamilələrin 4%də təsadüf olunur. Hamiləlik zamanı mioma diaqnozunun qoyulması həmişə mümkün olmur. Çünki ultrasəs müayinəsində qalınlaşmış miometriumla (uşaqlıq əzələsi) qarışıq salına bilər.

Mioma şərti olaraq  3 yerə bölünür-  kiçik (3sm ə qədər), böyük olmayan (3-5 sm ) və böyük (5sm dan böyük).

Mioma adətən hamiləliyin ilk 10 həftəsində ölçüsünü böyüdə bilər.  Bir qrup alimlərin fikrinə görə hamiləliyin birinci trimestrində daha çox böyük ölçülü, ikinci trimestrində isə orta ölçülü miomalar böyüyür. 3cü trimestrdə isə adətən hamısı ölçülərini kiçildirlər.

Mioma hamiləliklə bağlı hansı ağırlaşmalar verə bilər?

1. hamiləlik baş verməsinə mane ola bilər, xüsusilə  əgər mioma uşaqlıq boyununa və ya uşaqlıq borularına yaxındırsa.  Digər tərəfdən

əgər düyünlər çoxsaylı və uşaqlıq cismində olarsa uşaqlıq oyanıqlığı çox yüksək olur və mayalanmış yumurtahüceyrəni qəbul edə bilmir. Submukoz mioma isə həmişə hamiləliyin ilkin dövrdə pozulmasına səbəb olur.

Ümumiyyətlə, əgər qadında təkrari düşüklər varsa,başqa səbəb tapılmırsa və uşaqlıqda çoxsaylı mioma varsa əməliyyatla həmin düyünlərin sayı azaldılır.

2.vaxtından əvvəl doğuş -əgər mioma çoxsaylıdırsa və ya ciftə yaxın yerləşərsə baş verə bilər.

3. cift ayrılması-  adətən retroplasentar yerləşən düyünlərə aiddir.

4. cift gəlişi -miomalı hamilələrdə, hətta miomektomiya keçirmişlərdə belə iki dəfə daha yüksək tezliklə təsadüf olunur.

5. zəif döl inkişafı, döl anomaliyaları- daha çox submukoz yerləşən iri düyünlər və ya digər lokalizasiyalı iri ölçülü düyünlər buna səbəb ola bilər. -əyriboyunluluq, ətrafların anomaliyaları, kəllə sümüklərində deformasiya, kiçik ölçülü döl.

6. miomanın qırmızı degenerasiyası- bu mioma strukturunda olan ciddi dəyişikliklərdir. Bu zaman qarın nahiyyəsində ağrılar olur. Bunun səbəbi çox müxtəlif yollarla izah edilir.

Bəziləri uşaqlıq böyüyür və bu mioma strukturunda da dəyişikliklərə səbəb olduğuna görə,  miomada zədələnmiş hüceyrələr prosotoqlandin sintez edir bu da ağrıya səbəb olur, böyüyən miomanın qan damarlarının artmasının öz böyüməsindən geri qalması və buna görə işemik tip ağrıların yaranması  və s kimi nəzəriyyələrlə izah etməyə çalışır.

7. doğuşun bütün dövrlərində ağırlaşmalar

8. doğuşdan sonra qanaxma

9. Uşaqlıq dibinin hamiləlik müddətinə uyğun olmaması

Yuxarıda qeyd olunanları nəzərə alsaq belə, mioma kesar əməliyyatında nə nisbi,nə də mütləq göstəriş deyil (əgər doğuş yollarında yerləşməzsə).

Lakin uşaqlıq boşluğu açılması ilə keçirilən miomektomiya sonrası, və ya laparoskopik yolla miomektomiya olubsa doğuşa buraxmaq məsləhət görülmür.

Mioma kesar əməliyyatı zamanı götürülə bilər, amma bu zaman nəzərə almaq lazımdır ki, qanaxma riski yüksəkdir ( subseroz miomaları çıxmaq şərtilə). Əgər qadın daha hamiləlik planlaşdırmırsa bu qanaxmanl damar embolizasiyası ilə aradan qaldırmaq olar.

Doğuşdan sonra adətən mioma ölçüsü dəyişmir , bir qrup xəstədə 10% ə qədər azalma qeyd olunmuşdur.

Hamiləli vaxtı isə mioma maksimum öz ölçüsünü 25% artıra bilər.

Miomanın böyüməsi hamilələrin 1/3 də təsadüf olunur. Qalan hallarda heç bir dəyişiklik olmur.

Miomanın hamiləlik vaxtı baş verən ağırlaşmalardan ən çox tədadüf olunanı qarın nahiyyəsində ağrılardır ki, bu da əsasən ikinci və üçüncü trimestrdə baş verir. Müalicəsində yataq rejimi və iki gündən artıq olmayaraq qeyri- steroid iltihab əleyhinə dərman təyinin və hidratasiya kifayət edir. Əgər ağrı yenə də azalmazsa epidural anesteziya etmək olar. Bu da kömək etməsə  əməliyyatla miomanın çıxarılması planlaşdırılır. Daha əlverişli vaxt hamiləliyin ilk dövrləridir (birinci və ikinci trimestr).

Sarı cisim latınca corpus luteum adlanır.  Vizual olaraq sarı rəngdə olduğundan belə adlanır.  Bu menstrual siklin ikinci fazasında yumurtalamadan sonra yaranır. Sarı cisim həqiqi və yalançı olmaqla iki yerə bölünür.  Əgər hamiləlik yoxdursa yalançı sarı cisim adlanır və yumurtalamadan 10-15 gün sonra sorulur.Sorulmasını təmin edən uşaqlıq tərəfindən sintez olunan prostoqlandin F2 dir.

Əgər hamiləlik baş verərsə sarı cisim həqiqi sarı cisim adlanır. Sarı cismin ölçüsü 2-5 sm ola bilər. Sarı cisim aparatının çəkisi 600 mq a qədər çatır. Sarı cismin funksiyası progesteron sintez etməklə qalınlaşmış endometrium qatının mayalanmış yumurtahüceyrənin uşaqlıq boşluğuna düşməmiş soyulmasının, uşaqlığın yığılmasının qarşısını almaqdır , həm də mayalanmış yumurtahüceyrənin genetik strukturunun yarısı qadın orqanizmi üçün yad olduğundan orqanizm onu yad maddə kimi xaric etməsinin qarşısını alır, uşaqlıq qan dövranını artırır.

Sarı cismin fəaliyyəti ilk 14 gün lüteinləşdirici hormon tərəfindən təmin edilir , daha sonra isə xorion tərəfindən sintez olunan xorionik qonadotropin vasitəsilə təmin edilir. Artıq 7- 9 həftəlik hamiləlikdə cift sarı cimin funksiyasını öz üzərinə götürməyə hazır olur. Artıq sarı cisim tələb olunmur. Deməli sarı cisim hamiləliyin ilk 8 həftəsində tələb edilir. Bu dövrdə sarı cisimdə baş verən müxtəlif dəyişikliklər hamiləliyin pozulmasına səbəb ola bilər.

Diaqnoz

Sarı cisim çatmazlığı olan qadınlarda adətən menstrual siklin ikinci dövrü 10 gündən az davam edir, menstrual qanaxma baş verməmişdən bir neçə gün qabaq artıq qan ləkələri izlənir. Düz bağırsaqda ölçülən temperatur isə 37 dən aşağı olur. Yada ki bir neçə gün yüksək olur sonra isə kəskin aşağı enir.  Bu əlamətləri olan qadında artıq sarı cisim çatmazlığından şübhələnmək olar. Bunu dəqiqləşdirmək üçün siklin 21 ci günü progesteron təyini gərəkir, yaxşı olar ki progesteron bu dövrdə 15 ng/ml dən yüksək olsun. Amma gözlənilən norma bu dövrdə 6.5 nq /ml dən böyük olmalıdır. USM də sarı cisim aparatına nəzarət də gərəkir.

Əvvəllər sarı cisim çatmazlığını təsdiq etmək üçün endometrial biopsiya təklif edilirdi və bunu təsdiq etmək üçün iki sikl bu prosedura təkrar edilməli idi və biopsiya günləri də fərqlənirdi- bəziləri bunu ovulyasiyadan bir neçə gün sonra ,bəziləri isə menstrual qanxama olmamışdan iki gün əvvəl aparmaq lazım olduğunu deyirdilər. Lakin bu prosedur xəstə üçün ağır olduğunda görə, həm də daha asan metodlarla diqanoz qoyula bildiyinə görə indi diaqnostikada istifadə edilmir. Bu üsul ancaq bir halda istifadə oluna bilər- əgər endometriumun progesterona həssaslığının olmamasına şübhə varsa.

 

Sarı cismin fəaliyyəti pozulması 3 nöqtədə baş verə bilər- LH (lütenləşdirici hormon) və ya XQ (xorionik qonadotropin) az olması,  sarı cismin  LH və ya XQ yə həssas olmaması və ya endometriumun progesterona həssas olmaması.

Lakin sarı cisim fəaliyyəti yanaşı gedən bir qrup xəstəlikləri zamanı da pozula bilər-

zob, hiperprolaktinemiya, yumurtalıqların polikistozu xəstəliyi, follikulun erkən lüteinizasiyası, keyfiyyətsiz follikul. Belə halda yanaşı gedən xəstəliyi müalicə etmək kifayətdir.

Qeyd etmək lazımdır ki ola bilsin ki, bir sikldə sarı cisim yaxşı fəaliyyət göstərməsin, amma gələcək sikllərdə normal fəaliyyət göstərsin.

Müalicə

sarı cisim çatmazlığı analyışı 1949 cu ildə ilk dəfə qeyd edilib və o dövrdən müxtəlif müalicə üsulları təklif edilir.

Sarı cisim çatmazlığı müalicəsində vitamin B6 nın bir aylıq qəbulunun effektiv olması haqqında məlumatlar var.

insan xorionik qonadotropini, progesteron sarı cisim çatmazlığında istifadə oluna bilər.

Əgər qanda XQ və ya LH normadan azdırsa insan xorionik qonadotropinin təyin etməklə yaxşı nəticələr alına bilər. Lakin XQ əlavə effektləri kifayət qədərdir və onun uzun müddətli təyini əlverişsizdir.

Əgər sarı cisim nomal səviyyədə olan LH və ya XQ yə həssaslıq göstərmirsə onda progesteron təyini yaxşı nəticələr verər.

Əgər endometrium progesterona həssaslığı yoxdursa  bu zaman ancaq kötük hüceyrələrinin uşaqlığa köçürülməsi effekt verə bilər.

Hələlik sarı cisim çatmazlığının ən ziyansız və effektiv üsulu hamiləlik planlaşdırılması dövründə və hamiləlik dövründə 20 və ya 35 həftəsinə qədər progesteron qəbuludur.

 

 

 

 

 

Etiket buludu

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 83 izləyiciyə qoşulun